İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?
16 avqust 2022

Əziz abituriyentlər, uzun tədris prosesinin axırında, imtahanlar bitdikdən sonra ixtisas seçimi başladı.
Aylarla çəkdiyiniz əziyyətin bəhrəsini ixtisas seçimi edərək yekunlaşdırıb nəticəni gözləyəcəksiniz.
Peşə, ixtisas seçimi çox önəmlidir. Çünki bütün həyatınız boyu həmin peşə sizinlə bərabər olacaq. Ömrünüzün əsaslarından birini təşkil edəcək.
Ona görə də ixtisas seçərkən diqqətli olmalıyıq.
Uca Allah hər kəsə həyatda müvəffəq ola biləcəyi qabiliyyətlər və potensial vermişdir. Sadəcə olaraq, siz düzgün seçimlər edərək bu potensialı, qabiliyyəti üzə çıxarmalısınız. Düzgün seçim sizi həm həyatınız boyu xoşbəxt edir, həm də ətrafınıza faydalı bir insan halına gətirir. Xoşbəxt insan da daima çevrəsinə müsbət enerji verir.
Deməli, düzgün peşə seçimi etmək həm bizim, həm də cəmiyyətimiz üçün faydalıdır.
Peşə, ixtisas seçərkən aşağıdakılara diqqət etməlisiniz:
1. İxtisas seçərkən hər adamın yox, bu işin mütəxəssisi olan pedaqoq və təhsil ekspertlərinin məsləhətini dinləməli, analiz etməli, sonda isə özünüz qərar verməlisiniz. Öz istədiyinizi seçməlisiniz.
2. Valideynlərin övladlarının peşə seçiminə kəskin müdaxilə etməsi yanlış davranışdır. Onlar sadəcə məsləhət verməli, yol göstərməlidirlər. Heç bir valideyn öz övladına ixtisas seçimi prosesində təzyiq etməməlidir. Məsələn, “Mən həkim ola bilmədim, sən mütləq olmalısan“ və s. bu kimi fikirlərlə övladını yormamalıdır.
3. Abituriyentlər seçəcəyi peşə və ixtisaslar haqqında əvvələcədən dərin məlumata və bilgiyə sahib olmalıdırlar.
4. Təhsil alacağınız ixtisasın gələcəkdə yerli və beynəlxalq iş dünyasında nə qədər əhəmiyyətinin olacağını, sizə maddi-mənəvi nə qazandıra biləcəyini indidən araşdıraraq seçim etməlisiniz.
Elə ixtisaslar var ki, yaxın onillikdə onlara tələbat azalacaq, bir çoxuna isə daha da artacaq. Ona görə də diqqətli olmalı, ciddi araşdırmalar aparmalısınız.
5. Bəzən abituriyent 600-dən çox bal toplayır, müəllimlik ixtisasına yiyələnmək istəyir, valideyn isə buna ciddi şəkildə etiraz edir, bu balla mütləq 600 ballıq “prestijli” bir ixtisasın seçilməsini övladından tələb edir. Abituriyent isə valideyninin tələbi qarşısında həmin ixtisası istəməyərək seçir. Bu ixtisası həvəssiz və könülsüz oxuyur, sonra isə həmin ixtisas üzrə mütəxəssis ola bilmir.
6. Abituriyentlər ixtisas seçərkən mütləq öz xarakterlərinə dərindən bələd olmalıdır. Xasiyyətlərinin seçdikləri peşə ilə uyğun olub-olmadığına baxmalıdırlar.
Bunun üçün fərqli psixoloji testlərdən keçməli, psixoloq və pedaqoqlarla məsləhətləşməlidirlər. Bütün bunlar kompleks şəkildə onlara özlərini tanımaqda yaxından kömək edəcək.
7. Valideyn və müəllimlər abituriyenti yaxından tanımalı, onun psixoloji və fizioloji bacarıq və vərdişlərini bilməli, ona uyğun olaraq məsləhət verməlidirlər. Məsələn, çox səbirli və təmkinli olan bir gəncə müəllimlik, vəkillik və s. ixtisasları tövsiyə etmək olar.
Əgər bir insan qan görəndə qorxursa, yaradan iyrənirsə, ona həkim olmamağı məsləhət görmək lazımdır.
Dəyərli abituriyentlər, ixtisas seçimində sizə uğurlar arzulayıram.
Allah müvəffəq eləsin!
Müəllif: Rafiq Məmmədov