Cəmiyyətdə yara açan fəsadlar...

Cəmiyyətdə yara açan fəsadlar...
18 oktyabr 2022

Dedi-qodu
 
Dedi-qodu cəmiyyəti zədələyən, bütünlüyünü pozan, içdən çürüməyə məruz qoyan bir davranışdır. Dedi-qodu başqalarında qüsur, nöqsan, xəta axtarmaq alışqanlığının nəticəsidir. Bu davranış həm fərdin özünə, həm də cəmiyyətə ciddi zərər, ziyan vurur. Neçə-neçə ailələr dedi-qodu, yalan-yanlış xəbər daşıma üzündən dağılıb. Bəzi insanlar da bu tip xəbərləri, söz-söhbətləri araşdırmadan qəbul edib, insanları, adamları qətl edb qatil olub.
Ona görə də bu cür xəbərləri eşitdiyimizdə mütləq araşdırmalıyıq. Xəbəri gətirənin güvənli bir adam olub olmamasını yoxlamalı, təktərəfli dinləyib qərar verməməliyik. Səbir və təmkinlə davranıb həmin söz-söhbətləri və danışılan hadisəni dərindən və diqqətlə araşdırmalıyıq. Uca kitabımız Qurani-Kərimdə də belə əmr olunur: “Bilməyərəkdən başqalarına zərər verib, sonra peşman olmamağınız üçün, yolunu azmış bir adam sizə xəbər gətirdiyində onun doğruluğunu araşdırın” (Hucurat, 49/6).
 
Qeybət
 
Qeybət, birinin qiyabında, yəni arxasınca eşitdiyi zaman ürəyi sıxılacağı sözləri danışmaqdır. Müqəddəs kitabımız Qurani-Kərimdə də ”Bir-birinizin arxasınca qeybət etməyin. Kimin ölmüş qardaşının ətini yeməkdən xoşu gələr? Ondan iyrənərsiniz” (Hucurat, 49/12) - deyilir və orada qeybət etmək ölmüş qardaşın ətini yeməyə bənzədilir, ondan uzaq durmağımız əmr olunur. Qeybət etmək xaraktersizliyin, bir növ şəxsiyyət çatışmazlığının göstəricisidir.
Bəzən qeybət edən şəxsə xəbərdarlıq ediləndə “qeybət etmirəm ki, olanı deyirəm”, - deyir. Şübhəsiz qeybət elə olanı deməkdir, olmayanı demək iftiradır. Yəni dediyiniz xüsusiyyət həmin şəxsdə, həqiqətən varsa, bu, qeybətdir, əgər yoxdursa, həmin adamın həm qeybətini etmiş olursunuz, həm də ona iftira, şər atmış olursunuz.
Qeybət edəni dinləmək də qeybətə ortaq olmaqdır, səhvdir, günahdır. Kimsə yanımızda qeybət edirsə, ya onu susdurmalıyıq, ya da həmin məkanı durub tərk etməliyik. Qeybətin önü alınmazsa,fəsadları çox ağır olar.
 
Sui-zənn etmək
 
Zənnin iki növü vardır. Hüsnü-zənn (yaxşı fikirləşmək) və sui-zənn (pis fikrləşmək, bədgümanlıq).
Hüsnü-zənn başqaları haqqında gözəl düşünməkdir, bu, məqbul sayılır. Sui-zənn isə heç bir sübut olmadan başqası haqqında pis düşünməkdir. Sui-zənli insanın qəlbi təmiz olmaz, o daima insanların ayıbını araşdırar, öz meyarlarına görə insanları günahkar çıxardar. Hətta imkanı varsa, sui-zənninə dayanaraq insanları cəzalandırar.
Bəziləri isə öz sui-zənlərini bəsirətlilik sayar, dahi olduğunu düşünər, halbuki çirkabın dərinliyinə düşdüyündən xəbəri yoxdur.
Məşhur hekayədə olduğu kimi, “Bir gün ustanın baltası itir, axtarsa da, tapa bilmir. Qonşunun uşağından şübhələnir, uşağın özünü aparması, ona baxıb gülməsi, yerişi-bir sözlə, hər şey onun oğru olmasından xəbər verir. Usta artıq hardasa əmindir ki, baltanı uşaq oğurlayıb. İki gün sonra baltanı emalatxanasından tapır. Artıq uşağın yerişi, gülüşü ona şübhəli gəlmir”.
Hekayədə də göründüyü kimi, usta uşaq haqqında sui-zənn edirmiş. Sui-zənnin də fəsadları acı olur. İnsanlar sui-zənn nəticəsində bir-birindən inciyə bilər, hətta aralarında ciddi münaqişə də yarana bilər.
Sui-zənn edən əgər bunun zərərli davranış olduğu qənaətində deyilsə, bu fikirləri ağlından uzaqlaşdırmaq yerinə davamlı kimlərinsə hərəkətləri haqqında pis-pis düşünür, sonra bununla da qalmır dedi-qodu və qeybət etməyə başlayır və beləliklə olduğu cəmiyyətdə fitnə toxumları əkmiş olur. Deməli, bu kimi səhvlər təkcə danışanın özünə yox, cəmiyyətin hər bir fərdinə zərər vurur. Ona görə də sui-zənn, ayıbları araşdırmaq və qeybət etmək kimi mənfi  xüsusiyyətlərin zərərlərini və fəsadlarını dərk etmək və onları birdəfəlik tərk etmək gərəkdir.
Gözəl əməllər qəlblərimizi gül kimi təravətləndirir. Pis əməllərin hər biri isə qəlbimizə atılan bir qara nöqtədir. Qəlbimizi gül bağçasına çevirmək varkən, qaraltmağı seçmək ağıl və şüur sahibi insana yaraşarmı?

Rafiq Məmmədov