Kitab oxumaq insana çox sayda müsbət dəyərlər qatır

Kitab oxumaq insana çox sayda müsbət dəyərlər qatır
24 oktyabr 2022

"Bir damla mürəkkəb bir milyon insanı düşündürə bilər"
Corc Bayron


İnsan oxuduqca dərinləşir, ondakı intellektual səviyyə artır. Çox oxumaq, insanın üzündə də əks olunur, onu xarizmatik göstərir. Bu bir növ belədir, insanın içindəki çölünə əks olunur, nə ilə bəslənirsənsə, o, zahiri görünüşündə bəlli olur. Kitab oxuyarkən onun təsirində qalmamaq da önəmlidir. Oxuduğumuz kitabları öz dəyərlər süzgəcimizdən keçirməliyik, nəticədə kitabı, əsəri yazan da bizim kimi insandır. Qəsdən və ya bilməyərəkdən kitabın içində bizə mənfi təsir edən fikirlər verə bilər, təbliğ etdiyi fikirlər milli mənəvi dəyərlərimizə zidd ola bilər. Oxuduğumuz hər şey beynimizdə özünə bəlli ölçüdə yer tutur, ona görə də həmin bilgini məsləhətdir ki, öz dəyərlərimizə görə sistemləşdirib oraya yerləşdirək.
Kitab oxumağı həm də övladlarımıza aşılamalıyıq. Onları kitab olan mühitə aparmalı, kitab oxuduqlarını görəndə və eşidəndə bu hərəkətlərini alqışlamalıyıq. Çalışmalıyıq ki, evimizdə bir kitab guşəsi olsun. Övladımızı maraqlı bir jurnala abunə edərək onda oxuma həvəsini gücləndirə bilərik.
Kitab oxumağın bir çox faydaları var, onlardan bir neçəsini qeyd edək:
1. Yaddaşı gücləndirir: Belə ki, biz kitab oxuyarkən oradakı hadisələri, insanları, onların hislərini, məqsədlərini, həmçinin müxtəlif hekayələri yadımızda saxlayırıq. Hər dəfə kitab oxuduqda isə yadımızda saxlayacağımız məlumatlar daha da artır və bu da yaddaşımızın güclənməsinə şərait yaradır.
2. Diqqət və konsentrasiyanı artırır: Müasir dövrdə eyni anda müxtəlif texnoloji alətlərin istifadəsi bir mövzuya tam diqqət etməyimizə maneə törədir. Bundan fərqli olaraq biz kitab oxuduqda yalnız kitabdakı hekayəyə diqqət yetiririk ki, bu da diqqətsizlik problemi çəkən insanlar üçün faydalı olur. Hər gün işdən 15-20 dəqiqə əvvəl (yolboyu) kitab oxusanız iş zamanı diqqətiniz necə artdığına təəccüblənəcəksiniz.
3. Danışıq qabiliyyətini inkişaf etdirir: Hazırki dövrdə insanların özünü ifadə etməkdə çətinlik çəkdiyi hamımıza məlumdur və bu da öz növbəsində insanlarda öz güvənsizlik yaradır. Kitab oxuyarkən isə müxtəlif mövzulara aid çox sayda söz öyrənir yaxud bildiyimiz sözləri təkrar edirik. Beləliklə, müxtəlif sözlərdən istifadə etməyimiz bizim fikirlərimizi, emosiyalarımızı ifadə etməkdə bizə yardımçı olur.
4. Yazı qabiliyyətini artırır: Bu, kitabların bizim söz ehtiyatımızı artırması ilə birbaşa əlaqədardır. Belə ki, daha çox sözdən istifadə edərkən yazıçılıq qabiliyyətimiz də inkişaf edir və çox sayda kitab oxumaq bu sahədə köklü dəyişikliklərə şərait yaradır. Yeni anlayışlar öyrənirik və bunu da yazıda istifadə edə bilirik.
5. Bilik əldə edirik: İnsan müxtəlif mövzulara aid kitablar oxuyarkən fərqli sahələrlə də tanış olur və bu da kitab oxuyarkən bizim faydalı məlumatlar öyrənməyimizə, dünyagörüşümüzün artmasına kömək edir.
6. İnsanlara sakitlik və hüzur verir: Mənəvi, psixoloji, dini kitabların oxunması insana daxili rahatlıq verir, bu da öz növbəsində qan təzyiqinin tənzimlənməsinə şərait yaradır. Həmçinin motivasiya və şəxsi inkişafla bağlı kitablar insanların psixoloji problemlərinin öhdəsindən gəlməsinə kömək edir.
7. Stressi azaldır: Bildiyimiz kimi hər birimiz gündəlik həyatımızda müxtəlif problemlərlə üzləşirik, lakin özümüzü möhtəşəm bir hekayənin içində tapdıqda müəyyən qədər rahatlayırıq. Maraqlı yazılmış bir roman bizi real həyatdan daha uzaqlara aparır. Bu isə bizim problemlərimizi unutmağımıza və stressimizi azaltmağımıza kömək edir.
8. Kitab oxumaq boş vaxtı dəyərləndirməyin ən yaxşı yoludur: Belə ki, insanlar onlara maraqlı olan hər mövzuda kitablar əldə edərək oxuya bilərlər. Buraya klassik ədəbiyyatdan tutmuş psixoloji romanlar, şəxsi inkişaf kitabları da daxildir. Bu vaxt ərzində insanlar həm boş vaxtlarını dəyərləndirir, həm də gərəkli bilgilər əldə edirlər.
9. Sıxıntılı olduğunuz anlarda kitab oxuyun. Çünki, kitab sıxıntını aradan qaldırır.
10. Hər kitab sizə başqa həyatlar, başqa insanlar, başqa xarakterlər haqqında yeni baxış bucağı qazandıracaq. Beləcə daha açıq fikirli bir insan olacaqsınız.
11. Edilən elmi araşdırmalar nizamlı kitab oxumağın beyində yeni neyron əlaqələri meydana gətirdiyini göstərir. Bu da sizin daha ağıllı bir insan olmağınız deməkdir.
12. Kitab oxumaq təklik ilə əlaqədar pis düşüncələrinizi ortadan qaldıracaq. Əksinə, yalnızlığınızı sevməyə başlayacaqsınız. Çünki kitablar varkən əslində yalnız deyilsiniz.
13. Kitablar məlumat bazanızı zənginləşdirəcək.
14. Kitab oxumaqla həm də yaradıcılığınızı da inkişaf etdirmiş olacaqsınız.
15. Çox oxumaq sizə müəyyən kütlə içində sıxılmadan istənilən mövzu haqqında danışmağa yardımcı olacaq.
16. Daimi kitab oxumaqla siz fərqli mədəniyyətləri öyrənmiş olacaqsınız.
17. Daha diqqətli olacaqsınız.
18. Davamlı mütaliə etmək sizə kitab oxumaq vərdişi qazandıracaq. Bu da öz növbəsində təhsil aldığınız müddətdə dərslərinizə daha çox zaman ayırmağınıza kömək olacaq.
19. Kitab oxumaq həm də səbirli olmağı öyrədir.
20. Araşdırmalar göstərir ki, nizamlı olaraq kitab oxumaq yaddaşı gücləndirir.
21. Sıx və yorucu bir günün ardından sevdiyiniz kitabdan bir mətn oxumaq belə stressinizi azaldacaq.
22. Davamlı kitab oxumaq sizi gözəl natiq də edə bilər.
Ümumilikdə isə kitab oxumaq özü gözəl məşğuliyyətdir. Kitaba ayırdığınız zaman hədər olmayacaq, əksinə sizə yeni şeylər qazandıracaq. Və ən son olaraq: Yel Universitetinin (Yale University School of Public Health) alimləri bəyan ediblər ki, kitab oxumaq təkcə çox əyləncəli məşğuliyyət və bilikləri artırmaq vasitəsi deyil. Sən demə, kitab oxumağın insan sağlamlığı üçün də çox böyük faydası var imiş, mütəxəssislər tədqiqat apararaq kitabın insan ömrünü uzatdığını müəyyən ediblər. Həftə ərzində 3, 5 saatdan çox mütaliə ilə məşğul olan insanların erkən ölüm riski heç kitab oxumayanlara nisbətən 23% aşağı düşür.

Rafiq Məmmədov